IRELI Public Union |
Official Tumblr of "IRELI" Public Union of Azerbaijan |
“İRƏLİ” İctimai Birliyi və “Dünyaya Baxış” Beynəlxaq Humanitar təşkilatı (World Vision) fiziki qüsurlu uşaqların təhsilə cəlb olunmasının əhəmiyyətini əks etdirən “İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə” adlı layihəyə start vermişdir.
Layihə çərçivəsində 1 İyun 2012-ci il tarixində 100 İRƏLİ fəalının iştirakı ilə İçərişəhər Qız Qalasının yanında “İnkluziv Təhsil – Təhsil hər bir uşaq üçündür” devizi altında flaşmob keçirilmişdir. 100 gənc xüsusi hazırlanmış köynəklərdə fiziki qüsurlu uşaqların cəmiyyətə çatdırmaq istədikləri - “Özümə inanıram”, “Mən bu cəmiyyətin bir üzvüyəm”, “Təhsil hər bir uşaq üçündür”, “Mənim də dostlarım, sinif yoldaşlarım olsun”, “Mən evdə yox, məktəbdə təhsil almaq istəyirəm” və digər mesajları posterlər vasitəsilə vermişlər.
Kampaniyanın əsas məqsədi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq olunan tədris praktikasını və onlara qarşı formalaşmış yanlış ictimai fikri dəyişmək, bütün uşaqların təhsildə xüsusi ehtiyacları olan individuallar olduqlarını qəbul etdirən metodika hazırlamaqdan ibarətdir. İnkluziv təhsil hər bir fərdin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsilə çıxışın təmin olunmasını əhatə edən ümumi inkişaf prosesidir.
Qeyd edək ki, “İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə” layihəsi çərçivəsində bu günə qədər bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, paytaxt ictimaiyyətini mövcud terminlə tanış etmək üçün şəhərin mərkəzi küçələrində bilbordlar vurulmuş, posterlər asılmış və bukletlər paylanmışdır.
1-6 İyun 2012-ci il tarixləri arası Gürcüstanın Kabuleti şəhərində “Tələbələrin Beynəlxalq Gürcüstan forumu” öz işinə start verir. Beynəlxalq forum Gürcüstanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Foruma dünyanın müxtəlif ölkələrindən olan 200-ə yaxın gənc qatılacaq. Tədbirin təşkilində əsas məqsəd dünyanın müxtəlif universitetlərində təhsil alan gəncləri bir araya gətirərək, onlar arasında fikir mübadiləsinin aparılmasını və qarşılıqlı əməkdaşlığın yaradılmasını təmin etməkdir.
Qeyd edək ki, adı çəkilən forumda “İRƏLİ” İctimai Birliyi ilk dəfə təmsil olunacaq. Forumda “İRƏLİ”dən birliyin Bakı Biznes Universiteti üzrə koordinatoru Kamil Kərimli iştirak edəcək.
14-28 may 2012-ci il tarixlərində Azərbaycan Gənclər Parlamentinə aparılmış ərizə qəbulu sona çatmışdır. Yekun olaraq Azərbaycan Gənclər Parlamentinə üzv olmaq üçün 1187 nəfər müraciət etmişdir. Müraciət edənlər arasında 791 nəfəri kişi, 396 nəfəri xanım təşkil edir. Qeyd edək ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.Gənc parlamentarilər üçün seçim turunun ikinci mərhələsi haqda məlumat yaxın günlərdə təqdim olunacaq.
30 May 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyi Məclisinin yığıncağı keçirilmişdir. “İRƏLİ” sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni baş katibi və İdarə Heyətinin üzvləri müəyyənləşmişdir.Məclisin qərarına əsasən səs çoxluğu nəticəsində Nərmin Məmmədova “İRƏLİ” İctimai Birliyinin baş katibi və Zaur Axundov, Aydın Məmmədov, Azər Abdullayev, Elsanə Babaşova, Nigar Quliyeva, Cavid Osmanlı, Türkay Verdiyeva, Sahil Balazadə, Nərmin Əhmədli və Günay Daşdəmirova təşkilatın İdarə Heyətinin üzvləri seçilmişlər.
Məclisin yığıncağında birliyin 2012-ci ilin ikinci yarısı üçün fəaliyyət planı müzakirə edilmişdir. Xatırladaq ki, 5 May 2012-ci il tarixində Heydər Əliyev adına Sarayda keçirilmiş II Hesabat-Seçki Konfransında Rauf Mərdiyev səs çoxluğu ilə növbəti müddət üçün “İRƏLİ” İctimai Birliyinin sədri, Xəqani Fərəcov, Orxan Əmrahov, Kövsər Orucova, Leyla Yolçiyeva və Dünya FərzəliyevaMərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişlər.
Qeyd edək ki, 16 Aprel 2012-ci il tarixindən etibarən “İRƏLİ” İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunmuşdur.
29 May tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə “İRƏLİ” İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlının nəşr edilmiş “Avropada 3 aylıq bir səyahətim” adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçirilmişdir.
Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Akademik Vasif Məmmədəliyev, Tarix elmləri namizədi, Professor Anar İskəndərov, Strateji Araşdırmalar Mərkəzinin Daxili Siyasət şöbəsinin müdiri Tahirə Allahyarova, “İRƏLİ” İctimai-Siyasi Elmlər Kitabxanası layihəsinin rəhbəri, Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov və “İRƏLİ” fəalları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaqları və iştirakçıları salamlamış, kitabda qeyd olunan məsələlərin önəmi və gənclərin gələcəkdə bu kitabdan bəhrələnə biləcəkləri barədə danışmışdır.
Daha sonra ekspertlər Adil xan Ziyadxanlının həyat və siyasi fəaliyyəti haqqında məlumat vermiş və kitabın əhəmiyyətindən bəhs etmişlər. Tədbir ümumilikdə diskussiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmış və kitabda toxunulan məsələlər müzakirə olunmuşdur. Sonda qonaqlar gənclərin bu gün kitaba olan maraqlarını alqışlamış və onlar tərəfindən ictimai müzakirənin keçirilməsini yüksək qiymətləndirmişlər.
Qeyd edək ki, kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır. Xatırladaq ki, “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə “İRƏLİ” İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində “Cahiliyyət dövrünün ərəb sivilizasiyası” və “İslam nöqtəyi - nəzərindən nigah və cinsi həyat” adlı kitablar nəşr edilmişdir.
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94 illiyi ilə əlaqədar 27 May tarixindən başlayaraq “ADR haqda bilmədiyiniz 20 fakt” adlı online aksiyaya start verib. “İRƏLİ” Tarix Mərkəzinin üzvləri tərəfindən toplanmış ADR qurucuları, fəaliyyəti haqqında maraqlı, lakin az yayılan məlumatlar aksiya boyunca sosial şəbəkələrdə gənclərin maarifləndirilməsi üçün istifadə olunacaq. Faktlarda qeyd olunmuşdur:
1918-ci ilin Dekabrında təsis edilmiş Azərbaycan Demokratik Respublikasının parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunmaq hüququ verən ilk qanunverici orqan olmaqla, tolerantlığın və demokratiyanın Şərqdə ilk nümunəsi olduğunu göstərmişdir. Dövlət idarəçiliyində maliyyə, səhiyyə, əmək naziri kimi rus, yəhudi, hətta erməni mənşəli məmurlar fəaliyyət göstərmişlər. Ən gənc Azərbaycanın Daxili İşlər Naziri Mustafa bəy Vəkilov 24 yaşda olmuşdur. Bakı Dövlət Universitetinin təsis olunması ideyası Fətəli xan Xoyskiyə məxsus olmuşdur. İranın Azərbaycanı tanıması məsələsində Xarici İşlər Nazirinin müavini və ölkəmizin İrandakı xüsusi nümayəndəsi olan Adil xan Ziyadxanın müstəsna rolu olub. Azərbaycan Demokratik Respublikası azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmış və 100 azərbaycanlı tələbəni xaricə təhsil almağa göndərmiş və 100 tələbədən 20 nəfəri Azərbaycana qayıtmış və onlardan 18 nəfəri repressiya qurbanı olmuşdur. Azərbaycanın xaricdəki ilk diplomatik nümayəndəliklərinin açılması (Tehran və İstanbul) məhz Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf etmişdir.
Əlimərdan Bəy Topçubaşov XX əsr Fransa-Azərbaycan ədəbi və siyasi əlaqələrinin əsasını qoyan ilk şəxsiyyətlərdən biri və ikinci Ceyhun Hacıbəyli olmuşdur. 11 Yanvar 1920-ci ildə Birinci Dünya Müharibəsində qalib gələn dövlətlərin Ali Şurası Azərbaycanı de-fakto müstəqil müstəqil dövlət kimi qəbul etmək haqqında qərar qəbul etmişdir. Qeyd edək ki, online aksiya 30 May tarixinə qədər davam edəcəkdir. Eyni zamanda “İRƏLİ” Tarix Mərkəzinin üzvləri tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində “ADR haqda bilmədiyiniz 20 fakt” bukletləri paylanılacaq.
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94 illiyi ilə əlaqədar silsiləvi tədbirlər həyata keçirəcək. İlk olaraq, 26 May tarixində “ADR haqqında bilmədiyiniz 20 fakt” adlı online aksiya keçiriləcək. Aksiyada ADR qurucuları, fəaliyyəti haqqında az məlum olan faktlar sosial şəbəkələrdə yayılacaqdır. Aksiya 30 May tarixinə qədər davam edəcəkdir.
28 May tarixində gənclər tərəfindən əhalinin sıx olan mərkəzi küçələrində ADR haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılacaq. 29 May tarixində, saat 12:00-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə “İRƏLİ” İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlının nəşr edilmiş “Avropada 3 aylıq bir səyahətim” adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçiriləcək.
Tədbirdə millət vəkili Musa Qasımlı, Akademik Vasif Məmmədəliyev və bu sahə ilə bağlı ekspertlər, tarixçilər, elm adamları, ictimai xadimlər iştirak edəcəklər.
Kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır. Eyni zamanda XX əsrin əvvəllərindəki Azərbaycan insanın Avropadan bəh edən ilk təsəvvürləri qeydə alınıb.
Əlavə məlumat üçün: http://ireli.az/announcements/20120525014242307.html
“İRƏLİ” İctimai Birliyi məktəblilərlə işi daim diqqət mərkəzində saxlayır. İndiyə kimi bu istiqamətdə təşkilat tərəfindən 30-a yaxın layihə həyata keçirilmişdir. Məktəblilərin qarşıdan gələn yay tətilini daha səmərəli keçirməsi üçün “İRƏLİ” İctimai Birliyi “Junior Klub” layihəsinə start verir .
Layihədə məktəblilər üçün müxtəlif sahələri əhatə edən interaktiv mühazirələr, təlimlər, diskussiyaların keçirilməsi nəzərdə tutulur. 1 ay müddətində davam edəcək layihənin məqsədi şagirdlərin formal təhsillə yanaşı qeyri-formal təhsildə bilik və bacarıqlarının artırılması, praktiki sahələrə yiyələnməsidir. “Junior Klub” layihəsi çərçivəsində keçiriləcək fəaliyyətlər aşağıdakı mövzuları əhatə edəcək: • İnformasiya texnologiyaları
• Uşaq hüquqları
• Müasir Azərbaycan tarixi
• Liderlik, komanda işi, ünsiyyət bacarığı
• İxtisas seçimi və karyera
• Diplomatik protokol
• Ətraf mühit və təbiətin mühafizəsi
• İlkin tibbi yardım
Layihədə iştirak etmək istəyən məktəblilər 10 iyun 2012-ci il tarixinə qədər elektron ərizə formasını dolduraraq iştirakçı ola bilərlər.
“İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsi çərçivəsində 19 May 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində (SAM) “1990-1992-ci illər Heydər Əliyev fəaliyyəti” mövzusunda görüş keçirilmişdir. Görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Siyasi elmlər namizədi Aydın Mirzəzadə olmuşdur. Görüşdə “Siyasi Akademiya” layihəsinin iştirakçıları, müxtəlif universitetlərdə təhsil alan gənclər iştirak etmişdir.
Millət vəkili Aydın Mirzəzadə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışmışdır. Eyni zamanda həmin dövrdə Azərbaycanda baş verən proseslərdən bəhs etmişdir.
Daha sonra tədbir diskussiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılmışdır.
Sonda millət vəkili görüşün onun üçün maraqlı keçdiyini və auditoriyanın gözlədiyindən də aktiv olduğunu qeyd edərək bildirmişdir ki, bu günkü gəncliklə Azərbaycanın gələcəyi əmin və möhkəm əllərdədir.
Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri beynəlxalq və yerli siyasi təcrübə, Azərbaycanın yerli və regional siyasəti ilə yaxından tanış etmək, maarifləndirmək, onların siyasi aktivliyinin artırılmasına nail olmaqdır.
18 May 2012-ci il tarixində JW Marriott Abşeron otelinin “Şərq” zalında “İRƏLİ” İctimai Birliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək” layihəsi başa çatmışdır. Bağlanış mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Fuad Babayev,millət vəkili İlham Məmmədov, “Golden Pay” Şirkətinin prezidenti Fərid İsmayılzadə, “Azərsu” ASC-nin Təlim Mərkəzinin rəisi Ramiz Məmmədli, “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri Rəşad Əhmədov, “Azre Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, “Qala Həyat Sığorta” ASC-nin Hüquq Departamentinin direktoru Gündüz Məmmədli iştirak etmişlər.
İlk olaraq “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək qonaqları, layihə iştirakçılarını salamlamış, hal-hazırki dövrdə sığortanın önəmliliyini vurğulayaraq qeyd etmişdir ki, qış universiteti boyunca gənclərin əldə etdikləri bilik və təcrübə onların bu sahə üzrə gələcək karyeralarında önəmli addım olacaq.
Daha sonra rəsmilər çıxış edərək müasir gənclərin hər sahədə bilikli olduqlarını bildirmiş və iştirakçıları uğurlu layihə ilə təbrik etmişlər.
Mərasimdə qalib gəlmiş bütün komandalara diplomlar və “MY BRANDS” Şirkətinin xüsusi güzəşt kartları təqdim olunmuşdur. Eyni zamanda tədbirdə layihə ilə bağlı çəkilmiş film nümayiş olunmuşdur.
Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək” layihəsi 100 nəfər gəncin iştirakı ilə 10-15 Fevral Qəbələ Riverside Oteldə baş tutmuşdur. Layihənin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli və kreativ üsullarla çatdırılması idi. Layihə zamanı biznes, kommunikasiya, iqtisadiyyat, sığorta, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər keçirilmişdir.